- Учителю
- Конспекты по Азербайджанский язык на тему: 'Фонетика' (4 класс)
Конспекты по Азербайджанский язык на тему: 'Фонетика' (4 класс)
Fonetika
Dili nəzəri cəhətdən öyrənən elm dilçilik adlanır. Onun müxtəlif bölmələri var. Birinci Fonetikadır. Fonetika danışıq səsləri haqqında elmdir. Danışarkən istifadə etdiyimiz səslər danışıq səsləridir. Onların yaranmasını danışıq üzvləri təmin edir: Ağciyərlər, nəfəs borusu, səs telləri və qırtlaq, ağız boşluğu, dil, dişlər, dodaqlar, burun boşluğu. Bunlardan üçü daha aktivdir: səs telləri, dil və dodaqlar. Danışıq səsləri şifahi nitqin vahidləridir. Yazılı nitqdə isə bu, hərflərlə öz əksini tapır. Səslər hərflərdən müəyyən cəhətlərə görə fərqlənir:
Səslər tələffüz olunur və eşidilir.
Hərflər yazılır və oxunur (görünür).
Səsləri hərflərdən fərqləndirmək üçün transkripsiyadan istifadə olunur: [ ]
Tələffüz etdiyimiz səslər oxşar və fərqli cəhətlərinə görə iki qrupa bölünür:
1. Ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur
2. Avazlı olur.
3. Heca yaradır
4. Bir sıra hallarda uzun tələffüz olunur.
5. Vurğu qəbul edə bilir.
Samitlər
1. Ağız boşluğunda maneəyə rast gəlir.
2. Avazlı və küylüdür.
3. Heca əmələ gətirmir.
4. Uzun tələffüz olunmur.
5. Vurğu qəbul etmir
Sait səslərin bölgüsü
Azərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü].
Ağız boşluğunda dodaqların və dilin müəyyən vəziyyətlərə düşməsi ilə saitlərin müxtəlif növləri yaranır. Dilimizdə hər saitin üç növü (əlaməti) var:
1.Dilin üfüqi vəziyyətinə görə:
a) Dilarxası və ya qalın saitlər: [a], [ı], [o], [u].
b) Dilönü və ya incə saitlər: [ə], [i], [ö], [ü], [e].
2.Dilin şaquli vəziyyətinə görə:
a) Alt çənə və dil nisbətən yuxarı qalxır, ağız boşluğu daralır. Bu baxımdan dar və ya qapalı saitlər əmələ gəlir: [ı], [i], [u], [ü].
b) Alt çənə və dil nisbətən aşğı enir, ağızboşluğu nisbətən genəlir. Bu baxımdan gen və ya açıq saitlər əmələ gəlir:[a], [ə], [o], [ö], [e].
3.Tələffüz zamanı dodaqların dairəvi vəziyyət almasına görə:
a) Dodaqlar dairəvi vəziyyət alır və dodaqlanan saitlər yaranır: [o], [u], [ö], [ü].
b) Dodaqlar sərbəst qalır və dodaqlanmayan saitlər yaranır:[a], [ə], [ı], [i], [e].
Yadda saxla!
Dilimizdə ö, e, o saiti şəkilçilərin tərkibində iştirak etmir. Istisna: güney, oxlov, uzunsov və s.
Qapalı saitlərin hamısı dörd cür yazılan şəkilçilərin tərkibində iştirak edir.
[a], [ə] saitləri iki cür yazılan şəkilçilərin tərkibində iştirak edir.
Dilimizdə ı saiti ilə başlayan söz yoxdur.
Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
1. Kar samitlər
2. Cingiltili samitlər
Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir, onlar küydən və avazdan ibarət olur.
Dilimizdəki cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:
Cingiltili samitlər: [b] [c] [d] [g] [ğ] - [j] [q] [l] [m] [n] [r] [v] [y] [z]
Kar samitlər: [p] [ç] [t] [k] [x] [h] [ş] [k`] - - - - [f] [x`] [s]
[l],[m],[n],[r] cingiltili samitlərinin kar qarşılığı, [h] kar samitinin isə cingiltili qarşılığı yoxdur.
[n] və [m] səslərinin əmələ gəlməsində hava əsasən burun boşluğundan çıxır, buna görə həmin samitlərə burun samitləri deyilir .
Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərindəki [k'] səsini (cingiltili [q] samitinin kar qarşılığını) və ipək, çiçək, məktəbsözlərindəki [x'] samitini (cingiltili [y] samitinin kar qarşılığını) ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini (cingiltili [g] samitinin kar qarşılığını) ifadə edən "k" hərfi ilə göstərilir. Buna görə də dilimizdəki səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.
Qoşasamitli sözlərin yazılışı və tələffüzü
1. Eynicinslı qoşa kk, pp və tt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məsələn: səkkiz - [səkgiz, mürəkkəb - [mürəkgəb], tappıltı -[tapbıltı], hoppanmaq - [hopbammax], əlbəttə - [əlbətdə], Səttar -[Sətdar] və s.
2. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci cingiltili samit onun kar qarşılığı kimi tələffüz olunur. Məsələn: diqqət - [dikqət], doqquz - [dokquz], toqqa - [tok'qa] və s.
3. Eynicinsli qoşa cc, dd, zz, ll, ss, ff, vv samitlərinin deyilişində heç bir fərq olmur. Məsələn: təəccüb - [tə:ccüb], yeddi - [yeddi], ləzzət - [ləzzət], əlli - [əlli], rəssam - [rəssam], tənəffüs - [tənəffüs], əvvəl - [əvvəl] və s.
4. Eynicinsli qoşa yy ilə yazılan sözlərin çoxu bir y ilə deyilir. Məsələn: vəziyyət - [vəziyət], ədəbiyyat - [ədəbiyat], şəxsiyyət - [şəxsiyət] və s. Hədiyyə, təyyarə, səyyar, səyyah və s. kimi sözlərdə isə qoşa yy samitlərinin hər ikisi tələffüz olunur.
Söz ortasında bəzi samitlərin fərqli tələffüzü:
1. Söz ortasında yanaşı gələn iki müxtəlif kar samitdən ikincisi cingiltili tələffüz olunur. Məsələn: tüstü - [tüsdü], dəftər [dəfdər], təşkil - [təşgil], kəşfiyyat - [kəşviyat], şaftalı - [şafdalı] və s.
2. Söz ortasında n samiti b, m samitlərindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur. Məsələn: zənbil - [zəmbil], sünbül -[sümbül], tənbəl - [təmbəl], dinməz - [dimməz], qonmaq -[qommax] və s.
3. Söz ortasında kar samitdən əvvəl gələn q samiti [k] kimi tələffüz olunur. Məsələn:nöqsan - [nöksan], təqsir -təksir, iqtisadiyyat - [iqtisadiyyat], nöqtə - [nöktə] və s.
Bu samit cingitili samitdən əvvəl gəldikdə isə [q] kimi tələffüz olunur. Məsələn: istiqlal - [istiqlal], miqyas - [miqyas], maqnit - [maqnit] və s.
4. Söz ortasında samitdən əvvəl gələn k samiti əsasən [x] kimi tələffüz olunur. Məsələn:təklif - [təylif], ürəkdən -[ürəydən] və s. belə sözlərdəki k hərfinin [y] kimi tələffüzü də düzgün sayılır.
5. Sözün ilk c samitindən sonra d, z, l, s samitləri gəldikdə c samiti [j] kimi tələffüz olunur. Məsələn: vicdan - [vijdan], səcdə - [səjdə], gücsüz - [güjsüz] və s.
6. Söz ortasında ç samitindən sonra d, t, s samitləri gəldikdə ç samiti [ş] kimi tələffüz olunur. Məsələn: keçdi - [keşdi], qaçsan -[ qaşsan] və s.
Sonu eynicinsli qoşa samitlə bitən söz köklərinin yazılışı
Dilimizdə, əsasən, ərəb mənşəli təkhecalı bəzi sözlər var ki, qoşa samitlə bitir. Məsələn:sirr, xətt, hədd, fənn, sədd, həqq və s. Belə sözlərə samitlə başlayan şəkilçi artırdıqda söz kökündəki samitlərdən biri yazılır. Məsələn: sirdaş, xətdə, fənlər və s. (Bu qayda yalnız hiss sözünə aid deyil, çünki dilimizdə bu sözlə yanaşı, his (çırağın hisi) sözü də vardır). Rəsmxət,hüsnxət kimi mürəkkəb sözlərdə söz kökündəki samit səsin biri yazılır.
Sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü
Dilimizdə sonu b, d, g və c ilə bitən çoxhecalı və bəzi təkhecalı sözlərdə bu hərflər bir sıralarda cingiltili [b], [d], [g] və [c] kimi, başqalarda isə onların kar qarşılıqları - [p], [t], [k] və [ç] kimi tələffüz olunur.
Məsələn, kitaba, palıda, tüfəngə, qılıncı sözlərində b, d, g, c hərfləri cingiltili [b], [d], [g], [c] səsləri kimi; kitablar, palıdda, tüfəngdən, qılıncdan sözlərində isə kar [p],[t],[k] ,[ç] kimi tələffüz olunur. Nümunələrdən göründüyü kimi, sözün sonundakı samitin kar, yoxsa cingiltili olduğunu (yəni [b], yoxsa [p]; [d] yoxsa [t]; [g] yoxsa [k]; [c] yoxsa [ç] olduğunu) müəyyən etmək üçün həmin sözlərə saitlə başlanan şəkilçiartırmaq lazımdır. Belə sözlərə saitlə başlanan şəkilçiqoşulduqda söz kökündəki son samit cingiltili, samitləbaşlanan şəkilçi qoşulduqda isə kar tələffüz olunur. Məsələn: corab - corabı [b]- corabda [p], bulud - buluda [d] - buludlar [t], pələng - pələngi [g] - pələngdə [g], gənc - gəncə [c] - gənclik [ç] və s. Bu qayda həmin sözlər söz birləşmələrinin birinci tərəfi kimi işləndikdə də eynilə özünü göstərir. Belə ki, bu cür sözlərdən sonra gələn ikinci tərəf saitlə başlanırsa, onda söz kökündəki samit cingiltili, samitlə başlanırsa,kartələffüz olunur. Məsələn: kitab evi - kitab mağazası, kənd [d] adamı - kənd [t] camaatı, gülünc [c] iş - gülünc [ç] hərəkət, nəhəng [g] adam - nəhəng [k] pəhləvan və s. Bu samitlərlə bitən sözlər ayrılıqda və heç bır şəkilçisiz işləndikdə son samit kartələffüz olunur. Məsələn: palıd [t], doşab [p], ağac [ç], qəşəng [k] və s.
Qeyd: Sonu c samiti ilə bitən çoxhecalı sözlər ayrılıqda işləndikdə [ç] kimi tələffüz olunur: gənc [c], ülgüc [c] və s. Bu sözlərdən sonra g, l, n, t, s, z samitləri ilə başlanan şəkilçilər və ya sözlər gəldikdə isə əsasən, [ş] kimi tələffüz olunur. Məsələn: ağacdan - [ağaşdan], çəkicsiz - [çəkişsiz], ülgüc [ş] yarası çəkic [ş] səsi və s.
Sonu q və k ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü
Dilimizdəki çoxhecalı sözlərin sonundakı q hərfi [x] və ya [ğ] kimi tələffüz olunur. Məsələn: otaq - [otax], yanacaq - [yanacax], oynamaq - [oynamax] və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q - ğ əvəzlənməsibaş verir. Məsələn: bulaq - bulağın - bulağa və s.
Dilimizdəki ərəb mənşəli üfüq, şəfəq, hüquq, əxlaq, eşq, aşiq, vərəq, ittifaq, müstəntiq, natiq və s. sözlər isə bu qaydaya tabe olmur. Həmin sözlərin sonundakı samit [k']kimi tələffüz olunur: üfüq - [üfük], şəfəq - [şəfək] və s. Belə sözlərə saitlə başlanan səkilçi qoşulduqda söz kökündəki samit [q] kimi tələffüz olunur. Məsələn: şəfəqi - [şəfəqi].
Son səşi [y] cingiltili samitinin kar qarşılılığı [x'] kimi tələffüz olunan çoxhecalı sözlər ke hərfi ilə yazılır. Məsələn: çiçək, ürək, çiyələk və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k-y əvəzlənməsi baş verir. Məsələn: köynək - köynəyi, köynəyə və s.
Deyilişi yazılışından fərqlənən sözlərelə sözlər sayılır ki, onlarda hərf tərkibi ilə səs tərkibi arasında fərq olsun. Bu hal iki şəkildə özünü göstərə bilər:
1. Sözdə hərf və səslərin sayında fərq olur. Məsələn: maaş -[ma:ş] - 4 hərf, 3 səs; bünövrə [bünö:rə]- 7 hərf 6 səs; fəaliyyat[ faliyət] - 9 hərf, 7 səs və. (Bu hala səsdüşümü deyilir). Və ya əksinə: ailə[ ayilə] - 4 hərf 5 səs; məişət [məyişət] - 6 hərf 7səs və s.(Bu hala da səsartımı deyilir).
2. Sözdə bir (və ya bir neçə) hərf adi qaydada ifadə etdiyi səsdən fərqli olan səsi bildirir. Məsələn: "de" hərfi adətən d səsini ifadə edir: dədə - [dədə]. Lakin bu səs söz sonundat kimi də tələffüz olunur: qanad - [qanat], armud - [armut] və s. (belə hərflərə orfoqram deyilir).
Yazılışı ilə deyilişi fərqlənən bu tipli sözlərə aid daha bir neçə nümunə: ağac - ağaç, ürək - [ürəx], avtomat - [aftamat], əgər - [əyər], ixtira - [ixdira], nəhəng - [nəhənk], taxta -[taxda], şənbə - [şəmbə], doşab - [doşap], döyüşkən - [döyüşgən], itki -[itgi] və s.
Dilimizdə elə sözlər də var ki, onların tərkibində uzun tələffüz olunan səslər var. lakin bu həmin sözlərdə hərf - səs fərqinə gətirib çıxarmır.Məsələn: alim - [a:lim], həkim - [hə:kim], Sabir - [Sa:bir], həqiqət - [həqi:qət], məna - [mə:na], şölə - [şö:lə], etibar - [e:tibar], surət - [su:rət], sufı - [sufı] və s. Buna görə də belə sözlər yazılışı ilə deyilişi fərqlənən sözlər sayılmır.
Azərbaycan dilində vurğunun üç növü var:
1. Heca vurğusu
2. Məntiqi vurğu
3. Həyəcanlı vurğu
Heca və vurğusu
Sözdə hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli səslənməsinə vurğu deyilir. Vurğu qəbul edən heca vurğulu heca adlanır. Vurğulu heca vurğusuz hecalardan iki əlamətə görə fərqlənir:
1. Yüksək səs tonuna malik olur.
2. Qüvvətli tələffüz olunur.
Hər hansı sözdə vurğunu tapmaq üçün sözü hecalara ayırmadan nisbətən qüvvətli demək lazımdır.Yadda saxlamaq lazımdır ki, sözü hecalara ayıranda bütün hecalar eyni vurğu altında deyilir. Bu halda vurğunu müəyyənləşdirmək olduqca çətinləşir. Vurğunu asan tapmaq üçün sözü sərbəst tələffüz edib, hecaları nisbətən qüvvətli demək lazımdır. Bu cür tələffüz olunma zamanı hansı halda vurğu ilə bərabər sözün düzgün tələffüzü üst-üstə düşürsə, bu zaman vurğulu heca həmin hecadır. Yazılışda vurğunu göstərmək üçün (¢) işarəsindən istifadə olunur. Bu işarə vurğu qəbul etmiş hecanın sait səsinin üzərinə qoyulur.
Türk mənşəli sözlərdə vurğu əsasən sözün son hecasına düşür. Məs: sarı', danla', danışıq', Eldəni'z və s. İstisna olaraq vurğusu əvvələ düşən əsl Azərbaycan sözləri də var: dü'nən, bi'ldir, sa'nki, ne'cə, ni'yə, a'ncaq, ba`yaq, la'kin, ye'nə, ya'lnız və s.
İlk hecasına m,p,r,s samitlərinin qoşulması ilə yaranan sifətin çoxaltma dərəcəsində olan sözlərdə də vurğu əvvələ düşür. Məs: qa'pqara, bo'mboz, bü'sbütün, tə'rtəmiz və s. Bitişik yazılan mürəkkəb sözlərdə çox zaman vurğu son hecalara düşür. Ancaq bəzi mürəkkəb sözlər var ki, vurğusu əvvələ düşür. Məs:A'ğdaş, A'ğdam, Gö'yçay və s.
Alınma sözlərdə isə vurğu çox zaman əvvəlinci hecalara düşür. Məs: sta'nsiya, fi'rma, a'vqust və s.
Qeyd: Vurğusu son hecaya düşən sözlərin hamısı milli sözlər deyil. Dilimizdə yetərincə vurğusu son hecaya düşən alınma sözlər var. Məs: defi's, dialo'q, kati'b, enerji' və s.
Dilimizdə söz kökünə şəkilçi artırılarkən vurğu da sözün sonuna doğru istiqamətlənir: ya¢z, yazı¢, yazıçı, yazıçılı¢q və s. Dilimizdə bəzi şəkilçilər də var ki, vurğu qəbul etmir.
Cümlədə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli deyilməsinə məntiqi vurğu deyilir. Məntiqi vurğu altına düşən söz, əsasən, feilin yanında işlənir. Məs: Mən sabah kəndə gedəcəyəm. Mən sabah kəndə gedəcəyəm. Mən kəndə sabah gedəcəyəm. Sabah kəndə mən gedəcəyəm.
Həyəcan vurğusu hiss və həyəcanları ifadə etmək üçün cümlədə və ya abzasda sözün, yaxud ifadənin həyəcanlı deyilməsinə deyilir.
Yadda saxla!
Uzun tələffüz olunan sait səslərlə vurğu qəbul etmiş sait səsi qarışdırmaq olmaz. Uzun tələffüz olunan sait səs vurğu qəbul etmir: Tahi'r, laməka'n və s. Elə sözlər var ki, onlar istisna təşkil edir: bə'zi, bə'zən, so'nra və s.
Sözlər xitab kimi işləndikdə vurğunun yeri dəyişilə bilər. Məs: Tahi'r sabah rayona gedəcək. Ta'hir, sabah rayona gedərsən. Göründüyü kimi, bu uzun tələffüz olunan sözlərə də aiddir.
Bəzi sözlərdə vurğunun yerini dəyişməklə sözün mənası dəyişir. Məs: di'şlə-dişl'ə, a'zdır-azdı'r, a'lma-alma' və s.
Ahəng qanunu
Sözdə eynicinsli saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə şəkilçilər 2 yerə bölünür: 2 və 4 cür.
Alınma sözlər əsasən ahəng qanununa tabe olmur. Lakin ərəb mənşəli sözlər bəzən ahəng qanununa tabe olur.Əsl Azərbaycan mənşəli sözlər əsasən ahəng qanununa tabe olur. Amma bunlar istisnadır: ilan, işartı, ilıq ,ilxı, ilğım.
İntonasiya
Nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu və s. kimi hadisələrin məcmusuna intonasiya deyilir.
İntonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, sadə və mürəkkəb cümlələrin, habelə tabesizlik və tabelilik əlaqələrinin şərtləndirilməsinə xidmət edir. Həmçinin məntiqi vurğunun, ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır.
İntonasiya danışanın məqsədi, istək və arzuları ilə əlaqədar olduğundan, modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyalarını fərqləndirirlər.
Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.